Ermənistana görə heç kim döyüşməyəcək| İlham Əliyevdən Blinkenə xatırlatma və Şuşa Bəyannaməsi ilə bağlı açıqlama – ANALİZ

2024/04/1712228942.jpg
Oxunub: 1379     14:21     06 Aprel 2024    
Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıda bildirib ki, Şuşa Bəyannaməsinə əsasən Türkiyə Azərbaycana hər cür dəstəyi verəcək.

“Şuşa Bəyannaməsinə əsasən Türkiyə Azərbaycana hər cür dəstəyi verəcək. Ermənistana bu gün silah dəstəyinin edilməsi həm Ermənistana, həm də bölgəyə heç bir fayda vəd etmir. Bunun əvəzinə mütləq surətdə sülh təşviq edilməlidir”, - deyə Çavuşoğlu Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında qeyd edib.

Faktiki olaraq, Türkiyənin keçmiş xarici işlər naziri Fransaya açıq xəbərdarlıq edir. Məsələn, Fransanın Ermənistandakı səfiri ötən günlərdə bəyan edib ki, Fransa Ermənistan üçün təhlükəsizlik baxımından məsuliyyəti öz üzərinə götürür. Çavuşoğlu Şuşa Bəyannaməsini xatırladaraq, Azərbaycana qarşılıqlı yardıma sadiq olduğunu bəyan edir. Bəs Fransa Ermənistanla hərbi qarşılıqlı yardım sazişi imzalamağa hazırdırmı?

Ermənistanın Baş naziri Nikol Paşinyan birbaşa və aydın mətnlə bəyan edib ki, Azərbaycanın hərbi əməliyyat keçirəcəyi təqdirdə Türkiyənin hətta Armavirdən belə müdaxiləsi təhlükəsi böyükdür. Əslində Paşinyan öz cəmiyyətinə reallıqları deyir, Çavuşoğlunun bəyanatı da əslində bununla bağlıdır, çünki Türkiyə qarşılıqlı yardımı Şuşadan deyil, öz sərhədindən də edə bilər.

Məhz bu anda kimin müharibəyə başlamasının fərqi olmayacaq, çünki qarşılıqlı yardım hər anda dəstəyi nəzərdə tutur. Üstəlik, bu yaxınlarda Türkiyədə bir hadisə baş verdi ki, bu da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ölkədə və onun sərhədləri ətrafında terrorla mübarizənin gücləndirilməsindən danışmağa əsas verdi.

Söhbət Türkiyənin şərq əyalətlərində yerli hakimiyyət seçkiləri ilə bağlı baş verən iğtişaşlardan gedir. Bu yaxınlarda Ermənistan parlamentinin sədri bəyan edib ki, Türkiyə tərəfindən hücum olacağı təqdirdə Rusiya sərhədçilərinin müdafiə edib-etməyəcəyinə əmin deyil. Bu məsələni bir kənara qoyaq ki, sərhədçilər hücumdan qorunmaq üçün deyil, sərhədi qorumaq, sərhəd pozuntularının qarşısını almaq üçün oradadırlar, hərbçilər isə hərbi hücumdan qoruyurlar.

Bu baxımdan, Rusiya hərbi bazasının bu funksiyanı həyata keçirə bilməyəcəyinə şübhə yoxdur. Belə olan halda sual yaranır ki, birdən-birə hadisələr başqa ssenari üzrə inkişaf etsə və Ermənistan-Azərbaycan münaqişəsi alovlansa, işğalçı Ermənistana kim silah ötürəcək və ya bu, hansı yolla baş tuta bilər? Rusiya ilə böhranlı münasibətlər şəraitində yeganə qarşılıqlı hərbi yardım müqaviləsi işləməyəcək, çünki Rusiya xəyanətkar Ermənistana görə heç vaxt Türkiyə ilə münaqişəyə getməyəcək və Türkiyə də bunu bilir.

Bəs Fransa gedəcəkmi, Fransa Ermənistanla hərbi qarşılıqlı yardım müqaviləsi imzalayacaqmı, Ermənistana belə bir addım təklif edəcəkmi? Yumşaq desək, istər Rusiya, istər Fransa, istər İran, istərsə də Hindistan olsun, kimlərinsə Ermənistana görə Türkiyə və Azərbaycanla müharibə aparacağı, əlbəttə ki, inandırıcı deyil. Əksinin baş verəcəyi təqdirdə isə regionda ən ağır nəticələrlə növbəti qlobal böhranın formalaşdırılacağı qaçılmaz olacaq. Əslində Prezident İlham Əliyevin ABŞ dövlət katibinə xatırlatması da bununla bağlı idi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaos   Qərb   Fransa  


Bizi "telegram"da izləyin